Nadejda Kevorkova: “Ərdoğan Türkiyədə dəyişiklər simvoludur, o, insanların inanc haqlarını özlərinə qaytardı”

Апрель 16, 2014 Categories: Интервью by Комментарии к записи Nadejda Kevorkova: “Ərdoğan Türkiyədə dəyişiklər simvoludur, o, insanların inanc haqlarını özlərinə qaytardı” отключены
Türkiyədəki bələdiyyə seçkiləri türk cəmiyyətində sağlam islam komponentinin nə qədər güclü olduğunu bir daha çılpaqlığı ilə nümayiş etdirdi. Əslində Türkiyədə seçkiqabağı prosselərin həddən artıq şişirdilməsi Ərdoğanın nə qədər riskə getdiyinin sübutu idi. Türkiyənin baş naziri açıq şəkildə bəyan etdi ki, bu seçkilər əslində ona etimad göstərilib-göstərilmədiyini isbatlayan referendum xarakteri daşıyır. Ədalət və İnkişaf Partiyasının siyasi və iqtisadi siyasətinə, eləcə də onun özünə inamın göstəricisi kimi qəbul edirdi Ərdoğan bu seçkiləri. Əslində bu seçkilərdə Ərdoğan müsəlman olan hər bir vətəndaşı İslamın və Vətənin müdafiəsinə çağırdı.
Bu çağırış və risk üçün kifayət qədər əsas vardı. Hələ ötən ilin iyunundan Türkiyədə hakim partiyaya qarşı genişmiqyaslı hücumlar başladı. Bu hücumlar Ərdoğanı zəiflətmək istəyən bir çox həm xarici, həm də daxili qüvvələri birləşdirdi. Təbii ki, bu informasiya və kompromat hücumu maraqlı qüvvələrin xüsusi xidmət orqanlarının məsləhəti olmadan ötüşə bilməzdi. Bütün bu hücumların başında isə ABŞ-ın Pensilvaniya ştatında yaşayan, “Hizmət” təşkilatının rəhbəri Fəthullah Gülən və güclü Ərdoğanın mövcudluğunda maraqlı olmayan Ağ Ev dayanırdı.
Türk xalqı Ərdoğanın çağırışına səs verməklə bu bələdiyyə seçkilərinin bir seçki prosesindən çıxıb, qlobal bir hadisəyə çevrilməsini başa düşdüyünü nümayiş etdirdi. Seçkiyə səs hüquqlu əhalinin 80%-i gəldi.  Ərdoğan üçün əsas qələbələrdən biri  İstanbulda AK partinin nümayəndəsi Qədir Topbaşın yenidən bələdiyyə başçısı seçilməsi idi. Ərdoğanın özü də qlobal mənada siyasi karyerasına məhz İstanbul Böyükşəhər Bələdiyyə başqanı olaraq başlamışdı.
İstanbulla yanaşı Ərdoğanın partiyasının nümayəndələri paytaxt Ankara və digər iri şəhərlərdə də qələbə qazandılar. Təbii ki, hakim partiyanın qələbələrinin fövqündə iqtisadi-sosial siyasətlə yanaşı, Ərdoğan faktoru dayanırdı. Seçkilər göstərdi ki, Ərdoğanı sevmək də olar, sevməmək də, amma bu gün Türkiyə siyasətində onun alternativi yoxdur.
Gülən bu seçkini nəinki uduzdu, ümumiyyətlə Gülən-Ərdoğan dilemmasında qalanların nə qədər yanlış düşündüklərini təsdiq etdi. Ərdoğan rəqibini tam nokauta salmaq üçün  qələbədən sonrakı ilk səfərini “gülənçilərin rahat nəfəs aldıqları” iddia edilən Azərbaycana  etdi. Elə bu məsələ ətrafında “Bizim Yol” əməkdaşı məşhur rusiyalı jurnalist və siyasi icmalçı, hazırda Türkiyəyə ezam olunan və seçkisonrası proseslərin nə ilə bitəcəyini müşahidə edən Nadejda Kevorkova ilə söhbət etdi. Qeyd edək ki, o, Rusiya prezidenti yanında insan haqqarı Şurasının üzvü, jurnalist və politoloq Maksim Şevçenkonun həyat yoldaşıdır.
— Nadejda, Ərdoğanın Azərbaycana səfərini və xüsusən də onun rəsmi Bakıya ölkədə yüksək post tutan “gülənçilərin” siyahısını verməsi məsələsini necə qiymətləndirirsiniz?
— Bu səfər Ərdoğanın xarici siyasət konsepsiyasında əhəmiyyətli bir zəncir hesab edilə bilər. Azərbaycan Türkiyənin qonşusu olmaqla yanaşı bu ölkəyə ən dost və qardaş olan dövlətdir. Azərbaycan-Türkiyə əlaqələri korlanmayıb və onların pisləşməsi üçün heç bir səbəb yoxdur. Ukrayna hadisələrindən sonra Ərdoğan, belə demək olarsa, rəsmi Bakı ilə “saat yoxlamasına” gəlmişdi. Məlumdur ki, Ukrayna hadisələrinin fonunda Türkiyə Krım tatarlarını yalnız tənzimlənmiş ritorika ilə dəstəklədi. Aydındır ki, rəsmi Bakı da bu məsələdə Türkiyədən daha irəli gedən deyil. Bu hadisələr fonunda Ərdoğan rəsmi Bakının işğal olunmuş torpaqlar  və qaçqınlar məsələsinin daha intensiv müzakirə edilməsi istəyini başa düşür.
O ki, qaldı Azərbaycandakı türk məktəbləri və “nurçuların” siyahısına, o siyahı açıqlanmayacaq, amma onun varlığını qeyd etməsi Ərdoğan kimi  mahir siyasət ustasına lazım idi. O, kabinetlərdə tamam başqa qlobal məsələləri həll etməklə məşğul olan zaman, rəqibləri, nəzarətlərində olam mətbuat orqanları vasitəsi ilə bu siyahını müzakirə edəcəklər. “Gülənçiləri” Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham edirlər. Ərdoğan onları ABŞ və İsrailin “beşinci kolonu” hesab edir və əmindir ki, bu insanlar adı çıkilən dövlətlərin agenturası ilə sıx əlaqədədirlər. Odur ki, həm Ərdoğanın, həm də Gülənin adamları yaxın zamanlarda yeni həbslər dalğasının başlayacağından əmindirlər.
Mənə maraqlı gələn bu siyahının “nurçular siyahısı” adlandırılmasıdır. Axı Türkiyənin özündə nurçular Ərdoğanı dəstəkləyirlər. Nurçular Güləndən xeyli məsafədə aralanıblar və hesab edirlər ki, o, onların ümumi rəhbəri hesab edilən Səid Nursinin adından siyasi və onların başa düşmədiyi və qəbul etmədiyi maraqlar naminə istifadə edir. Ərdoğan bir çox yerlərdə əlində Səid Nursinin kitabı ilə peyda olurdu, odur ki, Türkiyədə Səid Nursi tərəfdarlarına heç bir basqı yoxdur. Hətta bir müddət əvvəl türkiyəli bir deputat Rusiya XİN-ə rəsmi olaraq müraciət etmiş və bu ölkənin qərarına — Səid Nursinin əsərlərinin qadağan olunmasına yenidən baxılmasını xahiş etmişdi. Bu isə o deməkdir ki, Ərdoğan Səid Nursinin əsərlərinin özünə dost saydığı ölkədə yayılmamasından, həmçinin Gülənin adamlarının Azərbaycanda iqtisadi və siyasi əlaqələr qurmasından  narahatdır.
Ərdoğan bu siyahını Əliyevə gizlincə də verə bilərdi, amma tərəflər, təbii ki, hər ikisinin razılığı ilə belə bir siyahının mövcudluğunu elan etdilər. Bu siyasi fənd mətbuatı araşdırma aparmağa vadar edir və siyahıdakı adların açıqlanmasından əvvəl hansısa şəxslərin və məktəblərin adları açıqlanır.
— “Gülənçilər” Azərbaycanda nə qədər güclüdür ki, bu məsələdə hətta Ərdoğan İlham Əliyevdən kömək xahişində bulundu?
— Təkrar edirəm ki, mən “nurçuların təsiri” ifadəsini adi ifadə hesab etmirəm. “Nurçular” siyasətdən və siyasi  münaqişələrdən uzaq dindar insanlardır. Səid Nursinin kitabları elə də asan dildə yazılmayıb və bu kitabların Türkiyə dindar təbəqəsi üçün əhəmiyyəti həm də ondan ibarətdir ki, müəllifin özü Atatürk dövründə dinə qarşı olan hücumlarla mübarizə simvolu idi.
Amma, fikrimcə “gülənçilərin” Azərbaycanda qeyri-adi gücə malik olması yanlışdır. Axı bir yanda radikal vəhabilərin, digər yandan İran islam inqilabının, Ayətullah Xomeyninin mətnləri ilə təsirlənən fiziki qüvvələrin qarşısında necə duruş gətirə bilər? Əgər Azərbaycanda söhbət Gülən tərəfdarlarından gedirsə, konkret desək, məktəblər nəzərdə tutulur. Bu məktəblər bütün dünyada yaranır, onların nümayəndələri yüksək təsirə malik məmurlarla, biznesmenlərlə, jurnalistlərlə əlaqələr qururlar. Belə bir oturuşmuş şəbəkəni dağıtmaq üçün doğurdan da siyasi iradə lazımdır.
“Gülən cammatı”na qarşı “ova çıxmaq” isə onların arxasında dayanan qüvvələrlə, konkret olaraq, ABŞ-la, hərbi strukturlarla, maliyyə dairələri ilə, İsrail lobbisi ilə  ziddiyyətə getməyə hazır olmaq deməkdir. Ola bilər ki, Ərdoğan adıçəkilən qrupların üzərinə getmək üçün özünə tərəfdar axtarır.
— Bələdiyyə seçkilərindən sonrakı dövrü necə proqnozlaşdırırsınız? Qarşıda Türkiyəni və Ərdoğanı prezident seçkiləri gözləyir…
— Seçkiöncəsi tərəfdarlarını birləşməyə səsləməklə Ərdoğan yerli seçkiləri parada çevirdi. O əsl parad keçirdi və proqramının tezislərini açıqladı: o, Fələstinin müstəqilliyini istəyir, o, həbs olunan, güllələnən  “müsəlman-qardaşların” tərəfindədəir, sionist çevrilişi və Misirdə general Sisinin dövlət çevrilişinin əleyhinədir. Ərdoğandan başqa heç kim belə açıq mətnli çağırışlarla çıxış etmir. İstənilən halda, Ərdoğanın dedikləri ABŞ respublikaçıları və demokratlarına, dünya mətbuatına, sosial şəbəkələrə qarşı bir çağırışdır.
Əsas məqamlardan biri də odur ki, öz qələbə çıxışında Ərdoğan ilk dəfə olaraq, ölkəsinin Suriya ilə müharibə şəraitində olmasını bəyan etməsidir. Suriyada 3 ildir ki, müharibə gedir, amma kimsə belə bir sözü açıq söyləməmişdi. Suriya ilə müharibə mövzusu türk cəmiyyətində populyar deyil. Türklər Suriya ilə müharibə etmək istəmirlər. Əslində bu müharibə Ərdoğana və onun yaxşı münasibət yaratdığı ölkələrə — Rusiya və İrana da lazım deyil.
Amma Türkiyənin ABŞ-dan, Avropadan və İsraildən silah ticarəti vektorunu Çinə qarşı çevirməsi Ərdoğanın yeni strategiyasıdır. Əgər baş nazir bunu etmək fikrinə düşübsə, onun publika üçün nə söyləyəcəyi elə də önəmli deyil.
— Siz indi Türkiyədəsiniz. Türkiyə cəmiyyətində əhval-ruhiyə necədir? Cəmiyyət yenilik istəyir, yoxsa Ərdoğan stabilliyi bəs edir?
— Türkiyə inkişafdadır. Türkiyənin inkişafı “dünyanı yalnız neft və qaz idarə edir” deyən spekulyatların fikirlərinin təkzibidir. Cəmiyyətin bütün təbəqələri bu inkişafa inanırlar. Ərdoğan insanların inanc haqqını onlara qaytardı, odur ki, ona bunun üçün hətta “gülənçilər” belə minnətdardırlar. O elə bir cəmiyyətdə dəyişiklik etdi ki, dindar adamı aşağılamaq cəmiyyət tərəfindən mədəniyyətsizlik kimi qəbul olunur. Hətta ölkədə belə xəbərlər yayırlır ki, sən demə Atatürk də namaz qılırmış, sadəcə, gizlin…
Ərdoğan Türkiyəni “bizi nə vaxt Avropa Birliyinə götürəcəklər və ümumiyyətlə bu baş tutacaqmı?” kimi daimi, narahat gözləntilərdən qurtardı. Əslində Avropada iqtisadi və siyasi krizis Türkiyənin xeyrinə işlədi — türklər həyat səviyyəsi düşən, qeyri-stabil Avropada yaşamaq istəmirlər. Orada çoxdan yaşayanlar isə Vətənlə bağlarını bərkidir və pullarını türk biznesinə qoyurlar. Yəni  bu, ölkədə stabilliyin göstəricisidir.
Ərdoğan — Türkiyədə dəyişiklər simvoludur. Odur ki, propoqanda maşınının köməyi ilə baş nazirə qarşı güclü qüvvələr çalışsa da, hələ ki, Ərdoğan qalib çıxır. O, cəmiyyətə öz siyasi addımları zamanı İslamı unutmadığını nümayiş etdirir, tez-tez Fələstin problemindən danışır. Elə bu son amilin özü onu ərəblərin-müsəlmanların gözündə qəhrəmana çevirir.
— Ərdoğana qarşı yeni skandallar olacaqmı və necə bilirisiz, o yenə də sudan quru çıxmağı bacaracaq?
— Ehtimal ki, onun rəqiblərinin əlində seçkidən əvvəlki kimi daha bir neçə “yağlı” kompromat var. Başa düşmək lazımdır ki, bu kompromatların arxasında yaşlanmış, qoca din xadimi olan Fəthullah Gülən dayanmır. Ərdoağan qarşı kampaniyanın da generatoru və fikir babası o deyil.
İslamçıların bir çox düşmənlərinə İslam aləmində get-gedə populyarlaşan Ərdoğan təhlükə mənbəyi kimi görünür. Ərdoğan Qərbin düşmən elan etdiyi, arzuolunmaz saydığı ölkələrlə belə danışmağı bacarır. Mənə elə gəlir ki, “yeni erməni genosidi” layihəsi də məhz Ərdoğanla Putinin arasını vurmaq üçün ortaya atılıb. Qərb mətbuatı Ərdoğanı sərt tənqid etdikcə, onun xalq arasında reytinqi artır. Hesab edirəm ki, yaxın müddətdə Ərdoğan rəqiblərinin qurduqları tələlərdən az zərərlə də olsa, çıxa biləcək.
M.HÜSEYNOV

 

11.04.2014

http://bizimyol.info/?xeber=22096

Метки: , , ,

Comments are closed.